ABŞ prezidenti Donald Trampın Vaşinqtonda birmənalı qarşılanmayan Suriyadan çəkilmə qərarı və Əfqanıstandakı Amerika əsgərlərinin yarısının çıxacağı iddialarının ardından, bu dəfə ABŞ-ın Somalidəki hərbi mövcudluğunu da azaldacağı irəli sürülüb.
Baki-xeber.com xəbər verir ki, bu barədə Amerikanın "NBC News" televiziya kanalı yüksək səviyyəli iki Amerika rəsmisinə istinadən məlumat yayıb.
Iddialara görə, Müdafiə Nazirliyi (Pentaqon) Somalidəki hərbi mövcudluğunu və terror təşkilatı Eş-Şebaba qarşı hava əməliyyatlarını azaltmağı planlaşdırır.
Sözügedən mənbələr Eş-Şebabın hələ də Somali və qonşu ölkələri təhdid etdiyini, ancaq təşkilatın ABŞ üçün birbaşa təhlükə olmadığını bildiriblər.
Qeyd edilir ki, ABŞ ordusu Afrikada terrorla mübarizəni azaldaraq, diqqətini Rusiya və Çin kimi ənənəvi rəqiblərinə yönəldəcək.
Mənbələrə görə, Somalidən çəkilmənin bir başqa səbəbi isə Eş-Şebabın rəhbərlərindən bəzilərinin ələ keçirilməsi və hədəflərin azalmasıdır.
Qeyd edək ki, ABŞ-ın Somalidə əsgər və sivillərdən ibarət təqribən 500 nəfərlik personalı var. Yeni plana görə bu ölkədə nə qədər ABŞ əsgərinin qalacağı bilinmir.