Fransa hökuməti “Sarı jiletlilər” hərəkatının üzvlərinin kütləvi həbsinə başlayıb. Baki-xeber.com Euronews-a istinadən xəbər verir ki, rekord sayda nümayişçi barəsində həbs qərarı çıxarılıb.
216 nəfərin həbsinə qərar verilən Fransa Respublikasında indiyə kimi heç bir aksiyada bu qədər çox insan barəsində həbs qərarı olmayıb. Hökumətin, rekord sayda həbs qərarlarını qanunun aliliyi prinsipilə əsaslandırmaq cəhdlərinə baxmayaraq, müxalifət və hüquq müdafiə təşkilatları, Fransa hökumətini inzibati səlahiyyətlərdən sui-istifadə etməkdə günahlandırır.
17 noyabr-17 dekabr tarixləri arasında ölkədəki bahalaşmaya qarşı etiraz aksiyalarında minlərlə adam saxlanmışdı. Saxlanan nümayişçilərin bir qismi həbs edilib, digərləri ilə bağlı proses davam edir.
Bu arada, “Sarı jiletlilər” hərəkatın liderlərindən olan Erik Drue də həbs edilib. Yük maşını sürücüsü icazəsiz nümayişə qatılmaq ittihamı ilə mühakimə olunacaq. Drueni 6 aya qədər həbs cəzası və 7,500 avro pul cəzası gözləyir.
“Boyun Əyməyən Fransa Partiyası”nın rəhbəri Jan Luk Malenşon isə Druenin həbsinə etiraz edərək hökuməti səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib: “Siyasiləşmiş polis “Sarı jiletlilər” hərəkatının liderlərini hədəf alır”.
Fransa prezidenti Emmanuel Makron, Yeni İl mesajında, “Sarı jiletlilər”in sözçülərinin “xalqa deyil, azğın kiçik bir qrupa” müraciət etdiyini deyib və ölkədə nizam-intizamın bərpa ediləcəyini bildirmişdi.