Səudiyyəli jurnalist Camal Kaşıqçını Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirən qrupda yer alan 11 nəfər Ər-Riyadda ilk dəfə məhkəmə qarşısına çıxarılıb.
Yanvarın 3-də başlanan prosesdə prokurorlar təqsirləndirilənlərin beşinə ölüm cəzası istəyib.
Təqsirləndirilən şəxslərin adları bugünə qədər açıqlanmayıb.
ABŞ-da yaşayan, Səudiyyə hökumətinin tənqidçisi olan jurnalist oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. Onun cəsədi hələ də tapılmayıb.
Ər-Riyad vəliəhd şahzadə Məhəmməd Bin Salmanın bu qətldə əli olduğuna dair iddiaları rədd edib.
Prokurorlar jurnalistin onu krallığa qayıtmaqdan ötrü dilə tutmağa göndərilmiş agentlər tərəfindən qətlə yetirildiyini bildirir.
Türkiyə 18 şübhəlinin ekstradisiyasını istəsə də, Səudiyyə Ərəbistanı tələbi rədd edib. Səudiyyə Ərəbistanının baş prokuroru isə bəyanatında bildirib ki, Türkiyəyə dəlil üçün etdikləri müraciətlər cavabsız qalıb. Ankara isə Səudiyyəni işlə bağlı əməkdaşlıq etməməkdə suçlayır.