Çinlə Tayvan arasında gərginlik yenidən artır. Baki-xeber.com xəbər verir ki, Çin prezidenti Şi Tsinpin son açıqlamasında Tayvana qarşı hərbi variantı istisna etməyib.
Çin prezidenti Tayvanın müstəqilliyini qəbul etməyəcəklərini deyərək birləşmək üçün hərbi variantı da istisna etməyib. Tayvan prezidenti Tsai İnq-ven isə Çinin birləşmə çağırışını rədd edib.
“Tayvandakı həmvətənlərə mesaj” adlı nitqin 40-cı ildönümü ilə bağlı çıxışında Çin prezidenti Şi deyib ki, Tayvan müstəqilliklə bağlı fikirlərə son qoymalı və qitə ərazisinin hissəsi olduğunu qəbul etməlidir: “Çinlilər həmvətənləri olan digər çinlilərlə döyüşməməlidir. Biz dinc yolla yenidən birləşməyimiz üçün əlimizdən gələn hər şeyi edəcəyik. Çünki bu, bütöv Çin xalqının maraqlarına uyğundur. Biz güc istifadəsini də istisna etməyəcəyik və həmin tədbirləri ehtiyatda saxlayacayıq. Bu tədbirlərin hədəfi xarici müdaxilə və separatçı fəallardır. Bu tədbirlər Tayvandakı həmvətənlərimizə ünvanlanmayacaq.”
Şi deyib ki, zor tətbiq etməyəcəyimizə dair söz vermirik, gərəkli addımları atmaq hüququmuz var. O qeyd edib ki, Tayvandakı hər kəs müstəqilliyin böyük bir fəlakət olduğunu anlamalıdır.
Tayvan prezidenti Tsai İnq-ven isə “tək ölkə, iki sistem” təklifini qəbul etməyəcəklərini bəyan edib. O, deyib ki, Çin Tayvanın özünü idarə edən ada statusunu qəbul etməlidir. Çini 23 milyon insanın azadlıq və demokratiya inadına hörmət etməyə çağıran Tsai deyib ki, hər iki tərəf aralarındakı “dəyərlər və həyat tərzi” ilə bağlı fundamental fərqləri qəbul etməlidir.
Çin və Tayvan 1949-cu il vətəndaş müharibəsindən sonra ayrılıblar. Həmin hadisələr Çay Kayşinin millətçi qüvvələrinin Mao Tszedun kommunistləri tərəfindən qitə ərazisindən çıxmalarına məcbur edilməsi və onların Tayvanda sığınması ilə nəticələnib.