Fransada Emmanuel Makron hakimiyyətinə qarşı “sarı jiletlilər”in aksiyasından ruhlanan müəllimlər də etirazlara başlayır. Baki-xeber.com xəbər verir ki ölkədəki narazı müəllimlər “Qırmızı qələmlilər” adı altında təşkilatlanır.
Tarix və Coğrafiya müəllimi Kril, “sarı jiletlilər”dən ilhamlanaraq sosial mediada “Qırmızı qələmlilər” adlı bir hesab açaraq 33 min müəllimi bir araya toplayıb.
“Qırmızı qələmlilər” hərəkatına qoşulan müəllimlər daha yaxşı şəraitdə işləmək və maaşlarının artırılmasını istəyirlər.
Culietta adlı bir müəllim, "15 ildir Təhsil Nazirliyində çalışıram, müəllimlər və şagirdlər üçün şərtlərin yavaş-yavaş çətinləşdiyini görürəm. Şagirdlərin xoşbəxt olması üçün ilk əvvəl müəllimlərin xoşbəxt olması lazımdır, bunun üçün də keyfiyyətli bir iş şəraiti olmalıdır" - deyə bildirib.
Başqa bir müəllim isə "Çox çətin şərtlərdə çalışırıq. İki şagirdə bir kitab düşür. İlin əvvəlindən bəri şagirdlər üçün cibimdən ən az 300 avro xərcləmişəm" - deyib.
Bəzi müəllimlər isə "Polislər vətəndaşları qoruduqları üçün əlavə müavinət alırsa biz də onlara təhsil verdiyimiz üçün mükafat ala bilmərikmi?" deyə sual edir.
Fransa hökuməti “sarı jiletlilər”in aksiyası zamanı polis əməkdaşlarına 300 avro əlavə müavinət verib.
Heç bir təşkilata bağlı olmayan “Qırmızı qələmlilər” səslərini hələlik passiv bir şəkildə eşitdirməyə çalışsa da, aralarındakı bəzi qəzəbli müəllimlər küçələrə çıxmaqda, aksiyalara başlamaqda israr edir.