Səudiyyə Ərəbistanı Sudanlı gəncləri pul qarşılığında Yəməndə uzun müddətdir davam edən döyüşlərə göndərir. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
Iddialara görə, Səudiyyə Ərəbistanı Sudandakı Darfur qarşıdurmasından sağ qurtulan uşaqlara Yəməndə döyüşmək üçün 10 min dollar verir. Sudan rəsmilərinə görə, hazırda Yəməndə 14 min sudanlı döyüşür, hər gün yüzlərlə gənc ölür.
Bütün bu sudanlı döyüşçülərin demək olar ki hamısı, təxminən 300 min insanın həlak olduğu və illərlə davam edən müharibə nəticəsində 1,2 milyon adamın yurd yuvasından didərgin düşdüyü Darfur bölgəsindən gedirlər.
Sudanlı iqtisadçı Hafiz İsmayıl Məhəmməd "İnsanların heç bir ümidi yoxdur, onların Yəməndə döyüşmələrinin səbəbi Sudanda gələcəklərinin olmadığını düşünmələridir. Biz əsgərləri mal kimi ixrac edirik, əvəzində valyuta əldə edirik" deyir.