İraqın yeni təyin olunmuş təhsil naziri Şeyma Hıyalin qardaşının terror təşkilatı İŞİD-in üzvü olduğu iddia edilir.
Baki-xeber.com xəbər verir ki, İraqda bəzi sosial media hesablarında nazirin qardaşı Leyt Hiyalinin 2014-cü ildə Mosulu ələ keçirən İŞİD terrorçularının arasında olduğunu iddia edən görüntülər yayılıb.
Yeni nazir isə bunları təkzib edir və bildirir ki, əgər qardaşının terrorçularla hər hansı bir əlaqəsinə dair iddialar isbat edilərsə istefa verməyə hazırdır.
İŞİD-in Mosuldakı vətəndaşları təhdid edərək bəzi işlərə məcbur etdiyini bildirən nazir, bu insanlar arasında qardaşının da olduğunu deyib: "Terrorçular, qardaşımı başqaları kimi açıqlama verməyə də məcbur etdi, amma qardaşım əlinə silah alıb heç bir iraqlını öldürmədi, ya da buna dəstək vermədi".
Qeyd edək ki, mosullu təhsil naziri Hiyali dörd gün əvvəl vəzifəsinin icrasına başlayıb.