Rusiya Ukraynadan idxalına qadağa qoyulmuş malların siyahısını genişləndirib. Baki-xeber.com xəbər verir ki, və Rusiya Nazirlər Kabinetinin toplantısında Kiyevin iqtisadi sanksiyalarına cavab olaraq illik 500 milyon dollar dəyərində, xüsusilə sənaye mallarının idxalını dayandırılacağı elan edilib.
Bu ilin əvvəlində Kiyevin bir sıra Rusiya şirkəti və biznes fiqurlarına qarşı iqtisadi sanksiyalar tətbiq etməsindən sonra Rusiya prezidenti Vladimir Putin hökumətinə Ukraynaya qarşı tədbirlər siyahısı hazırlamağa dair göstəriş verib.
Ukrayna ilə Rusiya arasında münasibətlər Moskvanın 2014-cü ildə Krımı ilhaq etməsi və bunun nəticəsində şərqi Donbas regionunda Rusiya tərəfdarı qiyamın başlamasından sonra pisləşib.
O zamandan bəri Rusiya Ukraynadan buğda, pivə, araq, meyvə şirəsi, divar kağızı və qənnadı məmulatlarının idxalını qadağan edib.
Moskva bildirib ki, qadağan olunan yeni mallar siyahısına bəzi sənaye malları, habelə bəzi kənd təsərrüfatı məhsulları, xammallar və ərzaqlar daxildir.
“Ukrayna vaxtaşırı həm rusiyalı şəxslər və qanuni qurumlar, həm də xüsusi rus mallarına qarşı sanksiyalar tətbiq edir” – deyə, Rusiya hökumətinin bəyanatında bildirilib.
“Rusiyadan müəyyən kənd təsərrüfatı mallarının idxalına qadağa tətbiq edən tədbirlərin təqdim olunmasından bəri Ukraynanın sanksiya siyahısı genişləndirilib və artıq siyahıya 18 cür məhsul daxil edilib”, bəyanatda qeyd olunub.
Bəyanatda bildirilib ki, məhdudiyyətlər müddətsiz tətbiq edilir və Ukraynanın məhdudiyyətləri qaldırdığı halda, Rusiya tərəfi də qəbul edilən qərarları ləğv edə bilər.
Rusiyanın İqtisadiyyat Nazirliyi isə bildirib ki, yenilənmiş qadağa siyahısında Ukrayna mallarının dəyəri 2018-ci ildə 510 milyon dollar təşkil edib.
Ukrayna Rusiyanın Ukraynanın içki və şirniyyatlarının ticarətinə tətbiq etdiyi qadağa ilə bağlı Ümumdünya Ticarət Təşkilatına şikayət edib.