ABŞ prezidenti Donald Tramp Konqresin divarın inşasına maliyyə vəsaiti ayırmayacağı təqdirdə bir daha Meksika ilə sərhədləri bağlayacağı ilə hədələyərək, Honduras, Qvatemala və Salvadora yardımları da kəsəcəyini deyib. Konqresdə Demokratların büdcəyə qarşı çıxmasına görə, hökumət dekabrın 22-dən qismən bağlanıb.
Baki-xeber.com Euronews-a istinadən xəbər verir ki, Donald Tramp sosial media vasitəsilə Demokratları Konqresdə yaratdıqları problemə görə tənqid edib: “Divarı tamamlamaq üçün bizə maliyyə ayırmasalar Meksika ilə sərhədləri bağlamaq məcburiyyətində qalacağıq”.
Miqrantların gəldiyi ölkələrə yardımların da kəsiləcəyini deyən Tramp Honduras, Qvatemala və Salvadorun ABŞ üçün heç nə etmədiklərini bildirirb: “Amma bizim pulumuzu alırlar. Əsas məsələ Hondurasda yeni bir miqrant karvanının formalaşmasıdır, ancaq onlar bunun qarşısını almaq üçün heç nə etmirlər. Bu üç ölkəyə yardımları kəsəcəyik”.
Qeyd edək ki, hökumət prezident Donald Trampın ABŞ-Meksika sərhədində divar inşa etmək üçün 5 milyard dollar tələb etməsi və Demokrat Partiyasının liderlərinin bunun əvəzində digər sərhəd təhlükəsizliyi xərclərinə 1,3 dollar ayrılmasını təklif etməsindən sonra bağlanıb.
Konqresin demokrat liderləri isə Trampın hökumətin bağlanmasını istədiyini, lakin bunun altından necə çıxacağını bilmədiyini deyir.
ABŞ prezidenti Donald Trump bundan əvvəl hökumətin bağlanmasına görə məsuliyyət daşımaqdan qürur duyacağını bildirmişdi. Dekabrın 21-də isə o, “Tvitter”də yazıb ki, hökumətin bağlanmasına görə demokratlar cavabdehlik daşıyır.
Hökumətin bağlanması ilə 800000 federal işçi işə getmir və işləmədikləri günlərə görə onlara maaş ödənilmir.