Suriyanın uzun müddətdir Türkiyənin hədəfində olan Menbic şəhərilə bağlı yeni xəbərlər yayılıb. Baki-xeber.com xəbər verir ki, ilk olaraq Menbici nəzarətində saxlayan PKK/PYD terrorçuları Suriyanın hökumət qüvvələrini şəhərə dəvət etdiklərini açıqlayıb.
Bunu ardınca isə Bəşər Əsəd rejimi ordunun Menbic şəhərinə daxil olaraq orada dövlət bayrağını ucaltdığını bəyan edib. Suriya ordusunun bəyanatında deyilir ki, qüvvələr şəhərə daxil olaraq, mühüm mövqeləri ələ keçirir. Əlavə edilib ki, Suriya vətəndaşlarının təhlükəsizliyi təmin ediləcək. Qeyd olunur ki, ordu şəhərə yerli əhalinin çağırışlarından sonra daxil olub.
Bu şəhər ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərilə Türkiyə arasındakı həssas bölgələrdəndir. Bundan öncə kürdlərin YPG qruplaşması şəhəri Türkiyənin hücumlarından qorumaqdan ötrü Dəməşqdən kömək istəmişdi.
ABŞ qüvvələrinin də bu şəhərdə hərbi bazası var və Suriya hökumət qüvvələrinin hansı səviyyədə yerləşdiyi açıqlanmır.
Bununla bağlı xəbərlər yayıldıqdan ilk açıqlama Rusiyadan gəlib. Moskva bundan məmnun olduğunu deyib. Kremlin sözçüsü Peskov bunun Suriyada vəziyyəti sabitləşdirmək üçün müsbət addım olduğunu deyib: "Hökumət qüvvələrinin nəzarət etdiyi bölgələrin genişlənməsi şübhəsiz ki, müsbət bir meyldir".
Məsələyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Rusiya rəsmilərinin Suriya ordusunun Menbicə girməsini təsdiqləmədiklərini deyib. Ərdoğan qeyd edib ki, Əsəd rejimi bölgədə psixoloji müharibə aparır.
Pentaqon və ABŞ-ın liderlik etdiyi anti-İSİD koalisiyası da yayılan xəbərləri təsdiqləmir. Pentaqondan Suriya ordusunun Menbicə doğru hərəkət etməsi və ya şəhərə girmək istədiyinə dair iddialarla bağlı açıqlama verməkdən imtina ediblər.
Bu xəbərlər Moskvada Rusiya-Türkiyə görüşü ərəfəsində yayılır. Görüşdə ABŞ prezidenti Tramp Suriyadakı Amerika qoşunları çıxarmaq qərarından sonra bölgədəki vəziyyət müzakirə ediləcək.
Digər tərəfdən Moskva hesab edir ki, Amerika qoşunlarının çəkildiyi ərazilər Əsəd rejiminin nəzarətinə verilməlidir. Təbii ki, bura Türkiyənin radarında olan Menbicdə daxildir. Tükiyənin dəstəklədiyi Azad Suriya Ordusu isə ABŞ-ın çəkilməsindən sonra Münbic də daxil sözügedən ərazilərə rejim ordusunun girməsinə imkan verməyəcəyini bəyan edir.
Belə bir ərəfədə bu cür xəbərlərin yayılması təsadüfü görünmür.