Dünən Rusiyanın Ermənistandakı səfirliyi önündə iki aksiya keçirilib. Birinci aksiyada Rusiya ordusunun Ermənistandan çıxarılması tələb olunub.
Etrazçılar "Ermənistanın təhlükəsizliyini təhdid yaradan Rusiya hərbçilərinin” hərəkətlərini tənqid ediblər və dekabrın əvvəllərində Gümrü şəhərində öldürülmüş qadının qətlində şübhəli bilinən Rusiya əsgərinin Ermənistana verilməsini tələb ediblər.
Aksiyanın təşkilatçılarından jurnalist Narine Mkrtçyan bildirib ki, səfirlikdən aksiyaçıların qarşısına çıxan olmayıb: “Rusiya səfirliyindən heç kim qarşısımıza çıxmadı. Bizə mürəciətimizi poçt qutusuna atmaq təklif olundu. Bu fakt onu göstərir ki, Rusiya səfirliyi Ermənistan vətəndaşlarını dinləməyə hazır deyil. Rusiya səfirliyi və Moskva əmindirlər ki, Ermənistan vətəndaşları ilə eynilə Kalininqrad vilayətinin sakinləri ilə olduğu kimi rəftar etmək olar”.
Etirazçılar bəyan ediblər ki, 102-ci baza bütövlükdə Ermənistan dövləti üçün təhlükə vəd edir.
Gümrüdə baş vermiş qətl hadisəsinin siyasiləşdirilməməsinə həm ölkənin baş naziri Nikol Paşinyan, həm də Rusiyanın Ermənistandakı səfiri çağırış ediblər.
Bu aksiyadan bir saat sonra isə səfirlik önündə "Ermənistanda Rusiya əleyhinə təxribatlara yox" və "Daima Rusiya ilə!" şüarları ilə növbəti aksiya keçirilib. Aksiyanı kommunistlər keçirib. Kommunist Partiyasının fəalları 102 saylı bazanın Ermənistana lazım olduğunu bildiriblər.