10 aydır Ukraynanın işğalında heç bir nəzərəçarpacaq uğur əldə edə bilməyən Rusiya Belarusla hərbi təlimlərini genişləndirib. Belarus Müdafiə Nazirliyi təlimlərin Ukrayna müharibəsində Kremlin təcrübəsindən istifadə edildiyini bildirib.
“Rusiya və Belarus qoşunları təlimlərini demək olar ki, dayanmadan davam etdirirlər. Təlimlərin intensivliyi artır. Hücum edə biləcək qüvvələrə qarşı bütün cəbhələrdə döyüşməyə hazır olmaq hədəflənir”, - deyə məlumatda bildirilir.
Birgə təlimlərdə şəhər müharibəsi taktikalarına diqqət yetirildiyi də bildirilib. Bu çərçivədə düşmən əsgərlərinin müxtəlif binalarda pusqu qurduğu ssenarilərlə bağlı taktiki araşdırmaların aparıldığı da bildirilib.
Hər iki ölkənin silah, əsgər və xüsusi texnikanın sayını artırdığı bildirilsə də, rəsmi rəqəmlər açıqlanmayıb.
Digər tərəfdən, İngiltərənin aparıcı qəzetlərindən olan “Guardian” bazar günü ölkənin şimal-şərqindəki Vitebsk şəhərinə 1400-1600 rus əsgərinin göndərildiyini yazıb. “Reuters” isə bu məlumatın hələ müstəqil şəkildə təsdiqlənmədiyini bildirib.
“Guardian” qəzetinin xəbərində iki ölkə arasında keçirilən birgə təlimlərin şimaldan, Belarus sərhədindən Ukraynaya yeni hücumla bağlı narahatlıqlara səbəb olduğu vurğulanıb. Xəbərdə Kremlin Minsk administrasiyasına müharibəyə qoşulması üçün təzyiq etdiyi də iddia edilib.
Tahir TAĞIYEV