Keçmiş ABŞ prezidenti Trampın Floridadakı evindən çıxan məxfi sənədlərə görə onu tənqid edən ABŞ prezidenti Co Baydenin özünün də ofisindən məxfi sənədlər çıxıb.
Baydenin keçmiş şəxsi ofisində onun vitse-prezident olduğu vaxta aid dövlət “məxfi sənədləri” tapılıb. Baydenin məsləhətçilərindən biri olan Riçard Sauber qeyd edib ki, Baydenin təsis etdiyi Penn Bayden Mərkəzindəki şəxsi ofisində 2009-2017-ci illərdə vitse-prezident vəzifəsində işlədiyi müddətdən “məxfi məlumatları ehtiva edən bir neçə sənəd” qalıb.
Sauber, sənədlərin 2 noyabr 2022-ci ildə “bağlı bir şkafdə” tapıldığını bildirib və əlavə edib ki, sənədlər tapılan kimi Baydenin şəxsi vəkilləri Ağ Ev və dövlət milli arxiv agentlikləri ilə əlaqə saxlayıblar.
Ağ Ev isə Ədliyyə Nazirliyinin sözügedən sənədləri araşdırdığını açıqlayıb.
Olaya Respublikaçılar Partiyasının üzvləri sərt reaksiya veriblər: “Prezident Bayden (keçmiş) prezident Trampın məxfi sənədləri səhvən öz iqamətgahına və ya hər hansı bir yerə aparmasını çox tənqid edirdi və indi belə görünür ki, onun özü də bunu edib”.
Tahir TAĞIYEV