Rusiyada son vaxtlar hakimiyyət əleyhinə səslər yüksəlməyə başlayıb. Keçmiş FSB polkovniki və Ukraynada müstəqilliyini elan etmiş separatçı Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Strelkov isə prezident Vladimir Putini devirmək üçün “yarışın” başladığını iddia edib.
Strelkovun sözlərinə görə, ölkənin yeni rəhbərliyi uğrunda “Vaqner” muzdlu silahlı qqrupun yaradıcısı, Putinin yaxın dostu olan Yevgeni Priqojinlə müdafiə naziri Sergey Şoyqu arasında rəqabət başlayıb.
“Priqojinin qruplaşması Şoyqunun daxil olduğu qruplaşmaya qarşı mübarizə aparır. Hətta döyüşməyə başlayıblar, feodal müharibəsi kimi. Hərbi böhran güc böhranına gətirib çıxarıb” deyən Strelkovun sözlərinə görə, Priqojin siyasi aktyor olmaq istəyir və bu məqsədlə ictimaiyyət arasında da nüfuzunu artırır.
Qeyd edək ki, İqor Strelkov bir neçə gün əvvəl Rusiyanın Ukraynada istənilən şəraitdə məğlub olacağını iddia etmişdi.
Tahir TAĞIYEV