Rusiya prezidenti Vladimir Putinin əmri ilə 2022-ci il fevralın 23-də başlayan müharibənin bir ili yaxınlaşır. Ancaq bu bir ilə yaxın müddətdə ruslar Ukraynada istədiyinə nail ola bilməyib.
Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsində və Ukraynanın şərqindəki Donbas bölgəsindəki münaqişədə əsas rol oynayan rus komandir İqor Girkin Rusiyanın uğursuzluğunun səbəbini açıqlayıb. Girkin Ukraynanın uğurunun əsas səbəbi kimi Rusiya hərbi rəhbərlərinin məsuliyyətsizliyini göstərib.
“Təəssüf ki, bəzi yerlərdə onların bizim hərbi obyektlərə hücumu Rusiya Federasiyası Silahlı Qüvvələrinin komandanlığı altında davam edən hədsiz israfçılıq səbəbindən uğurlu alınıb”, - Rusiya komandiri Telegram-da yazıb.
Rusiyanın Ukraynanın infrastrukturunu hədəfə aldığını vurğulayan Girkin bu taktikanın Kiyevi sülhə məcbur edə bilməyəcəyini deyib.
Girkin bundan əvvəl bildirmişdi ki, müharibədəki vəziyyət Rusiya Federasiyasının siyasi rejiminin və hətta dövlətinin dağılmasına gətirib çıxara bilər.
Qeyd edək ki, 2014-cü ilin iyulunda Amsterdamdan havaya qalxdıqdan sonra Ukraynanın şərqində vurulan və 298 nəfərin ölümü ilə nəticələnən MH17 təyyarə qəzasındakı roluna görə Hollandiyada ömürlük həbs cəzası ilə mühakimə olunan Girkin uzun müddətdir Rusiyanı tənqid edir və onu Ukraynada strateji məqsədlərinə çatmamaqda günahlandırır.
Tahir TAĞIYEV