İranda Mahsa Emini nümayişlərinin başladığı günlərdə dayandırılan polisin avtomobil sahiblərinə göndərdiyi “hicab pozuntusu mesajı” yenidən bərpa edilib.
İran mediası xəbər verir ki, avtomobilləri məcburi hicab qaydasını pozan nəqliyyat vasitəsi sahiblərinin telefonlarına xəbərdarlıq mesajları göndərilməyə başlanıb.
“Avtomobiliniz hicab qaydasını pozub” xəbərdarlığının tətbiqi sentyabr ayında Mahsa Emini nümayişləri başlayanda dayandırılmışdı.
Rejim qanunlarına əsasən, təkrar qayda pozuntusu baş verərsə nəqliyyat vasitəsinin sahibi polis idarəsinə çağırılır.
Qeyd edək ki, sentyabrın 13-də Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Mahsa Emininin sentyabrın 16-da ölümü hökumət əleyhinə etirazlara səbəb olub.
İranın Təhlükəsizlik Şurası dekabrın 3-də nümayişlərdə ölənlərin ümumi sayının 200-ü keçdiyini açıqlayıb.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının (IHR) isə dekabrın 27-də açıqladığı məlumatda, Eminin ölümündən sonra başlayan küçə nümayişlərinə təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində 476 etirazçının öldüyü bildirilib, minlərlə nümayişçi saxlanılıb.
Tahir TAĞIYEV