Putinin imzaladığı fərmanla Rusiya neftinə tavan qiymət tətbiqində iştirak edən ölkələrə neft və neft məhsullarının satışı qadağan edilib.
Neft və neft məhsullarının tavan qiymət tətbiqində iştirak edən fiziki şəxslərə və şirkətlərə satışı qadağan edən fərmana əsasən, Rusiya neft alıcıları müqavilədə tavan qiymət və ya alternativ tavan qiymət mexanizmindən istifadə etsələr, satış həyata keçirilməyəcək.
Neft nəqlinə qoyulan qadağanın 2023-cü il fevralın 1-dən qüvvəyə minəcəyi bildirilən fərmanda tavan qiymətləri tətbiq edənlərə neft nəqli ancaq Putinin xüsusi icazəsi ilə həyata keçirilə biləcəyi vurğulanıb.
Qeyd edək ki, dekabrın 2-də Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə, tavan qiymət tətbiqinə qatılanlara neft və neft məhsullarını satmayacaqlarını, lazım gələrsə, neft hasilatını 5-7 faiz azalda biləcəklərini söyləmişdi.
Tahir TAĞIYEV