Kosova ilə gərginlik yaşayan Serbiya ordusu və polisi döyüş hazırlığı vəziyyətinə gətirilib.
Müdafiə naziri Miloş Vuçeviç bildirib ki, Serbiya prezidenti Aleksandr Vuçiç orduya “ən yüksək döyüş hazırlığında” olmaq göstərişi verib və bu, lazım gələrsə, silahlı qarşıdurma demək ola bilər.
"Narahatlıq üçün yerlər var. Belə görünür ki, yalnız Serbiya problemlərin siyasi razılaşma yolu ilə həll olunacağına inanır. Qarşı tərəf (Kosovo) daim təkbaşına hərəkət edir" - Vuçeviç deyib.
Daxili işlər naziri Bratislav Qasiç prezident Vuçiçin polisə də "hazır olmaq" əmri verdiyini və məqsədin Kosovodakı serbləri qorumaq olduğunu bildirib.
Qeyd edək ki, keçmiş serb polisi Deyan Pantiçin saxlanmasına cavab olaraq dekabrın 10-dan etibarən Kosovanın şimalında kosovo serblərinin qurduqları barrikadalar hələ də götürülməyib, son hadisələr isə Kosovo ilə Serbiya arasında gərginliyi yenidən artırıb.
Serbiyanın baş qərargah rəisinin sərhəd bölgəsinə səfərindən sonra dünən gecə Kosovonun şimalında baş verən silahlı hücum iki ölkəni yenidən üz-üzə gətirib.
Pantiçin saxlanmasına reaksiya verən Kosovo serbləri dekabrın 10-dan etibarən Bernjak sərhəd keçidində qurduqları barrikadalarda 17 gündür keşik çəkirlər.
Aİ, NATO və ABŞ isə Kosovonun şimalında gərginliyin azaldılmasına və barrikadaların götürülməsinə çağırıb.
Tahir TAĞIYEV