Rusiya XİN müavini Mixail Qaluzin maraqlı bəyanatla çıxış edib. "Bəzi NATO ölkələri ilə Moldovanın sıx hərbi əməkdaşlığı bu ölkəni fəlakətə aparır. NATO ilə bu əməkdaşlıqlar Moldovanın təhlükəsizliyini və suverenliyini bərkitmir"...
M.Qaluzinin bu bəyanatı az əvvəl Moldovanın XİN başçısının sözlərinə cavabdır. Moldova diplomatiyasının başçısı deyib ki, "biz təhlükə hiss edirik, Almaniya, Fransa və Rumıniya ilə hərbi əməkdaşlığı gücləndirməliyik. Neytral ölkə olmaq təcrid olunmaq deyil ki..."
Maraqlıdır ki, bu qarşılıqlı diplomatik "atışma" fonunda rus patriarxı Kiril də səssiz qalmayıb. Kiril deyib: "Moldovada provoslavlığa və rus dünyasına basqı var"…
Bəyanatlardan aydın görünür ki, Ukrayna ilə bir vaxtlar davranıldığı kimi Moldovaya tikanlı münasibət göstərilməyə başlanılıb. Təbii ki, Moldova Qərblə yaxınlaşma kursundan çəkilənə oxşamır. 30 ildə neçə dövlət başçısı dəyişsə də, Moldova bu kursdan imtina etmədi. Dnestryanı Respublika kimi qondarma qurumun timsalında separatizm problemi ilə üz-üzə qaldı, mürəkkəb şəraitdə yoluna davam edir.
Əgər Rusiya Ukrayna yanaşmasında olduğu kimi, qızğın ambisiya göstərsə, Moldova ilə münasibətlərin də qaynar hərbi mərhələyə keçəcəyi şəksizdir. Ancaq bu, yaxın illərin gerçəkliyi ola bilər.
ZÜMRÜD