Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin verdiyi hərbi əmrlə başlayan Ukrayna işğalından sonra Ukrayna lideri Vladimir Zelenski ilk dəfə xarici səfər edib. Zelenskinin ABŞ-a səfərini təhlükəsiz həyata keçirməsi üçün gizli əməliyyat təşkil edilib. Vaşinqtona çatana qədər təhlükəsizlik səbəbilə açıqlanmayan əməliyyatın təfərrüatları sonradan üzə çıxıb.
Xarici media yazır ki, Zelenski əvvəlcə Polşanın Rzesov şəhərinə gəlib, daha sonra ABŞ-ın “Boeing C-40” hərbi-nəqliyyat təyyarəsi ilə Avropadan ABŞ-a yola düşüb.
Zelenskinin təyyarəsi havaya qalxdıqdan sonra Almaniya “Boeing Awacs” casus təyyarəsini Rusiya sualtı qayıqlarının patrul keşiyi çəkdiyi təhlükəli Şimal dənizinə yönləndirib. Ukrayna liderinin təyyarəsi Böyük Britaniya üzərindən keçərkən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcısı Britaniyadakı aviabazadan havaya qalxaraq Zelenskinin təyyarəsini müşayiət edib. F-15 qırıcı təyyarəsi Zelenskinin təyyarəsi Şotlandiya üzərindən keçdikdən sonra Mildenhall Suffolk bazasına qayıdıb.
ABŞ və NATO döyüş təyyarələri və casus təyyarələrinin iştirak etdiyi əməliyyat uğurla başa çatıb. Zelenskini daşıyan təyyarə saatlar sonra paytaxt Vaşinqtondakı Joint Base Andrews Hərbi Hava Limanına enib.
Tahir TAĞIYEV