Pakistanın Yoxsulluğun Azaldılması və Sosial Müdafiə naziri Şazia Marri Hindistanın Pakistanın atom bombasına sahib olduğunu unutmaması gərəkdiyini və lazım gələrsə ondan istifadə etməkdən çəkinməyəcəklərini bildirib.
Marri Lahorda keçirdiyi mətbuat konfransında Hindistanı təhdid edərək, Yeni Dehli müharibəni seçəcəyi halda sərt cavab alacağını bildirib.
Pakistanın nüvə silahını səssiz qalmaq üçün əldə etmədiyini ifadə edən Marri, necə cavab verəcəklərini bildiklərini sözlərinə əlavə edib.
Marri bu açıqlamaları xarici işlər naziri Bilaval Bhutto Zərdarinin Hindistanın baş naziri Narendra Modini "Qucarat qəssabına" bənzətməsinə Dehilən gələn reaksiyalardan sonra verib.
Zərdari dekabrın 16-da ABŞ-ın Nyu-York şəhərində verdiyi bəyanatda Hindistanın baş naziri Narendra Modini “Qucarat qəssabı” adlandırıb. Zərdarinin açıqlamalarından sonra Hindistanın bəzi şəhərlərində etiraz aksiyaları keçirilib.
Qeyd edək ki, Qucaratın baş naziri olduğu dövrlərdə Narendra Modi 2002-ci ildə əksəriyyəti müsəlman olmaqla 2000-dən çox insanın ölümünə səbəb olan iğtişaşların qarşısını almamaqda ittiham olunurdu.
Tahir TAĞIYEV