Pakistanın Xayber-Paxtunxva əyalətində silahlılar polis məntəqəsini ələ keçirərək içəridəki təhlükəsizlik qüvvələrini girov götürüblər.
Ölkə mətbuatının məlumatına görə, Bannu Terrorla Mübarizə Mərkəzi orada saxlanılan silahlılar tərəfindən ələ keçirilib.
Baş verən qarşıdurmada silahlılar polis bölməsində iki polisi yaralayıb, digər polis əməkdaşlarını isə girov götürüblər. Rəsmilər girovların xilas edilməsi üçün əməliyyata başlanıldığını və yaraqlıların Əfqanıstana təhlükəsiz keçid istədiklərini açıqlayıblar.
Polis idarəsində 15-ə yaxın silahlının olduğu və onların 6-7 nəfəri girov götürdüyü bildirilir. Yaraqlıların hansı təşkilata mənsub olduğu hələ də qeyri-müəyyən olaraq qalır.
Pakistan Talibanı (TTP) terror təşkilatı noyabrın 28-də sosial şəbəkədə İslamabad rəhbərliyi ilə mayın 10-da başlayan atəşkəsin sona çatdığını və silahlıları ölkə daxilində təhlükəsizlik qüvvələrinə hücum əmri verdiyini açıqlamışdı.
Təşkilat həmin tarixdən sonra təhlükəsizlik qüvvələrinə qarşı hücumlarını gücləndirib.
Tahir TAĞIYEV