Belçika hökuməti İranda mövcud vəziyyətin pisləşməsi və özbaşına həbs risqinin artması ilə əlaqədar öz vətəndaşlarını mümkün qədər tez İranı tərk etməyə çağırıb.
Hökumət, Belçikanın Tehrandakı səfirliyinin həbs edilmiş və ya saxlanılan vətəndaşlarına lazımi dəstək təmin edə bilməyəcəyini bildirib.
Keçən həftə Belçika Konstitusiya Məhkəməsinin İranla əsirlərin mübadiləsinə icazə verən razılaşmanı dayandırmasından sonra belçikalı qeyri-hökumət təşkilatı işçisi Olivier Vandecasteele Tehranda 28 il həbs cəzasına məhkum edilib.
Belçika Xarici İşlər Nazirliyi İranda təkcə belçikalı turistlərin deyil, ikili vətəndaşlığı olan şəxslərin də təhlükəsizlikdə olmadığına dair xəbərdarlıq edib.
Bütün Belçika vətəndaşlarının əsassız həbs və mühakimə risqi ilə üzləşdiyinə diqqət çəkən bəyanatda, bildirilir ki, həbs edilmə halında əsas hüquqlara hörmət və hadisələrə qarışanların təhlükəsizliyi təmin edilmir.
İranın ikili vətəndaşlığı tanımadığını xatırladan nazirlik, Belçikanın Tehrandakı səfirliyinin həbs edilmiş və ya saxlanılan vətəndaşlara konsulluq xidməti təmin etmək imkanının çox məhdud olduğuna diqqət çəkib.
Belçika hökumətinin bildirdiyinə görə, diplomatik nümayəndəliklərin İrandakı məhkəmə proseslərində dinləmələrdə iştirakına zəmanət verilmir və məhbusun seçdiyi vəkillə görüşünə də icazə verilmir.
Belçika hökuməti buna görə də öz vətəndaşlarından dərhal İranı tərk etmələrini istəyib.
Tahir TAĞIYEV