Belqrad və Priştina arasında böhranın kəskinləşməsi bir vaxtda Serbiya Kosovoya qoşun yeritmək üçün rəsmi addım atıb. Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir.
Serbiya 1000-ə qədər serb ordusu və polisinin bölgəyə göndərilməsi ilə bağlı NATO-nun Kosovo Qüvvələrinə (KFOR) müraciət edildiyini açıqlayıb.
Qərarın gərginliyi azaldacağına inandığını ifadə edən Serbiya prezidenti Aleksandar Vuçiç, bunun Kosovo serblərinin qorunması və sərhəd keçidlərinə nəzarət üçün vacib olduğuna inandığını deyib.
Kosovo prezidenti Vjosa Osmani isə bu təklifi rədd edərək, "Vuçiç Serb ordusunun Kosovodakı mövcudluğunun 1999-cu ildə bitdiyini çox yaxşı bilir" deyib.
KFOR 1999-cu ildən, təxminən 13.000 insanın həyatını itirdiyi müharibədən sonra Kosovoda yerlədirilib.
Keçmiş serb polisi Deyan Pantiçin saxlanmasına sərt reaksiya verən kosovo serblərinin dekabrın 10-da Kosovonun şimalında sərhəd keçidlərində barrikada qurması regionda gərginlik artırıb.
Kosovo polisi ard-arda üç dəfə silahlı hücuma məruz qaldıqlarını açıqlayıb. AB-nin ölkədəki missiyası (EULEX) çərçivəsində bölgədə çalışan təhlükəsizlik qüvvələri də şok bombası ilə vurulduqlarını, lakin xəsarət alan olmadığını bildiriblər. NATO və Avropa İttifaqı hücumları pisləyib. Böhran Aİ-yə namizəd Serbiya və namizədlik statusu üçün Brüsselə yenicə müraciət etmiş Kosovonun mümkün Avropaya inteqrasiyasına əsas maneə kimi qiymətləndirilir.
Serbiyanın tələbi ilə bağlı ABŞ-ın Belqraddakı səfiri Kristofer Hill deyib ki, Serbiya hökumətinin KFOR-a müraciət etmək hüququnun olduğunu deyib: “Lakin indiki siyasi problem siyasi həll tələb edir. Biz vəziyyəti sakitləşdirməliyik”.
Hill, Serbiya Bələdiyyələr Birliyinin (ZSO) qurulması ilə bölgədə sülhün əldə ediləcəyinə də diqqət çəkib.
Bu arada Serbiyaya səfər edən ABŞ-ın Qərbi Balkanlar üzrə xüsusi elçisi Qabriel Eskobar bəyan edib ki, onun ölkəsi Kosovoda Serbiya təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə qarşıdır.
Qeyd eedək ki, Priştina dekabrın 18-də Kosovodakı 120 min serbin üçdə birindən çoxunun məskunlaşdığı ölkənin şimalındakı 4 bələdiyyədə seçki keçirmək niyyətini elan etdikdən sonra böhran daha da kəskinləşib.
Şimalda baş verən hadisələrdən sonra Kosovo prezidenti Vjosa Osmani növbədənkənar yerli seçkilərin 2023-cü ilin aprel ayına təxirə salındığını açıqlasa da, bu qərar bölgədəki gərginliyi azaltmayıb.
Tahir TAĞIYEV