İranda 22 yaşlı Mahsa Əmininin əxlaq polisi tərəfindən işgəncələrlə öldürülməsinin ardından başlayan və bütün ölkəyə yayılan rejim əleyhinə nümayişlərdən həbslər, işgəncələr və ölüm xəbərləri gəlməyə davam edir.
Son olaraq rejim əleyhinə nümayişlərdə iştirak edən etirazçıları müalicə edən 36 yaşlı həkim Aida Rüstəmi şübhəli şəkildə dünyasını dəyişib.
Rüstəmi dekabrın 12-nə keçən gecə bəzi tibbi ləvazimatlar almaq üçün müalicə etdiyi etirazçının evindən çıxdıqdan sonra bir daha görünməyib. Səhəri gün səhər yerli polis idarəsindən Rüstəminin ailəsinə zəng edərək həkimin avtomobil qəzasında öldüyünü və onun meyitini morqdan götürə biləcəklərini bildiriblər.
Məsələ ilə yaxından tanış olan mənbə isə Rüstəminin ailəsinə bildirib ki, Rüstəmi avtomobil qəzasında deyil, təhlükəsizlik qüvvələri tərəfindən işgəncə ilə öldürülüb.
Hadisə ilə bağlı danışan tibb eksperti, “Avtomobil sürərkən qəzaya düşsəniz, eyni anda hər iki qolunuzun sınması, aşağı bədəninizin əzilməsi və bir gözünüzün tamamilə çıxması mümkün deyil” deyib.
Təhlükəsizlik qüvvələri ailənin təkidi nəticəsində Rüstəminin cansız cəsədini göstərməyə razılaşıb, lakin Rüstəminin maşını və qəzanın baş verdiyi iddia edilən yer ailəyə göstərilməyib.
Tahir TAĞIYEV