05/02/2023 15:00
728 x 90

Ermənistanda yeni parlament böhranının əlamətləri görünməyə başladı...

Bədrəddin Quliyev: “Paşinyan hakimiyyətə gələndən sonra parlamentdə belə hallar çox müşahidə olunub”

img

Ermənistanda “Hayastan” fraksiyasına daxil olan müxalif “Dirçələn Ermənistan” partiyasının 3 üzvü deputatlıqdan istefa verib. Deputatlar Vahe Akopyan, Hripsime İstanbulyan və Yelena Kirakosyan mandatlarından imtina ilə bağlı ərizələrini qanunverici orqana təqdim ediblər. Məlumata görə, bu, partiyanın rəhbər orqanlarının qərarı çərçivəsində baş verib.

Bildirilib ki, partiya üzvü olan deputatlar bu məsələdə seçim etməkdə sərbəstdirlər, lakin deputat fəaliyyətinə davam etmək istəyənlər partiyadan istefa verməlidir.

Xatırladaq ki, daha əvvəl “Hayastan” fraksiyasının nümayəndələri Artur Kazinyan, Mxitar Zakaryan və Aram Vardevanyan da deputat mandatlarından imtina edib.

Parlamentdə təmsil olunan  müxalif fraksiyaya aid partiyaların bu qərarı Ermənistanda  parlament böhranı yaşandığından xəbər verirmi?

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan parlamentində yaşananlar yeni böhranın təzahürüdür: “Ermənistan qanunvericilik qurumundakı mandatdan imtina ölkədəki siyasi münasibətlərin gərginliyindən xəbər verir. Paşinyan qütblər arasında oynadığı üçün siyasi partiyalar bu üsulla ona təzyiq edirlər. Bu proseslər getdikcə gərginləşir. 9 dekabrda  nəzərdə tutulan Brüssel sammitinin alınmamasından sonra Ermənistanın əlində Rusiya və ABŞ variantları qalır. Paşinyan məcburdu ki, anti-Rusiya mövqeyini dəstəkləsin.  Cünki onu hakimiyyətə məhz həmin qüvvələr gətirib. Ancaq Paşinyan bilir ki, maliyyəni ancaq Qərb və ABŞ-dan ala bilər. Qərb ona 2,6 milyard həcmində güzəştli kredit verib.  Bu səbəbdən də Rusiya ilə həmin qütblərin arasında oynayır. Ermənistandakı daxili qüvvələrin çoxu Rusiyaya bağlıdır. Onlar get-gedə pressinqi gücləndirirlər.  Bu istefaların nəticəsində “Dirçələn Ermənistan” partiyası parlamentindəki fəaliyyətini dayandırır. Bu barədə partiya şurasının bəyanatda məlumat verilib.  “Hayastan” blokuna daxil olan partiyanın 4 deputatından üçü istefa ərizəsi yazıb. Partiyadan olan və Assuriya icmasını təmsil edən Zemfira Mirzəyeva isə partiya üzvlüyünü müvəqqəti olaraq donduraraq parlamentdə fəaliyyətini davam etdirəcək.

Partiya bildirib ki, belə  bir qərar milli azlıqlara hörmətə əsaslanır və onların problemlərinin dilə gətirilməsinə və həllinə mane olmamaq məqsədi daşıyır. Əslində isə bunun özü də yalandır. Çünki Ermənistanda milli azlıq deyilən anlayış yoxdur. Ermənistan monoetnik bir ölkədir. Bütün milli azlıqlar ölkədən didərgin  salınıb. Paşinyan hakimiyyətə gələndən sonra parlamentdə belə hallar çox müşahidə olunub. Elə olub ki, parlamentin binasını mühasirəyə aldırıb, onlara istədikləri qərarı qıbul etdirdikdən sonra binadan buraxıblar”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər