Rusiya Ukraynadan ilhaq etdiyi Xerson şəhərindən təhlükəsizliklə əlaqədar olaraq geri çəkiləcəyini açıqlayıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu rus qoşunlarına Dnepr çayının qərb sahilindən geri çəkilməyi əmr etdiyini açıqlayıb.
“Qoşunlara Dnepr çayının qərb sahilindən geri çəkilməyi əmr etmişəm”, - Şoyqu açıqlamasında bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynadan ilhaq etdiyi yeganə regional paytaxt Xerson şəhərində son günlər intensivləşən Ukrayna hücumları Rusiya ordusuna problemlər yaratmağa başlayıb. Rusiyanın Ukraynadakı qoşunlarının komandanı Sergey Surovkin Rusiyanın müdafiə naziri Sergey Şoyquya regiondakı son vəziyyətlə bağlı geniş hesabat verib.
Sözügedən hesabatda Surovkin Ukrayna ordusunun hücumları səbəbindən problem yaşadıqlarını etiraf edərək, rus əsgərlərinin Dnepr çayının qərb sahilindən geri çəkilməsini və sol sahildə müdafiə xətti yaratmasını təklif edib. Surovkin belə bir qərarın asan olmadığını da etiraf edib.
Ukrayna ordusunun çox itki verdiyini, lakin rusların Ukraynadan daha az itki verdiyini deyən Surovkin bildirib: "Ukrayna ordusu oktyabrda 12 mindən çox əsgər itirdi. Bizim itkilərimiz Ukrayna ordusunun itkilərindən 7-8 dəfə azdır. Ukrayna ordusu avqust-oktyabr ayları arasında Xerson vilayətində 9500 nəfəri öldürüb və ya yaralayıb. Həmçinin Xerson vilayətində 115 min nəfər münaqişə zonasını tərk edib".
O, Ukrayna ordusunun Kahovka su anbarına hücumlar təşkil etdiyini və bənddəki risqlərə görə mülki əhalinin təxliyə edilməsinin və Rusiya ordusunun geri çəkilməsinin məqsədəuyğun olduğunu bildirib.
Surovkinin məruzəsindən sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu geri çəkilmə təklifini qəbul edib.
“Qoşunların çıxarılmasına başlayın, silah və texnikanın daşınması üçün bütün təhlükəsizlik tədbirlərini həyata keçirin”, - Şoyqu bildirib.
Tahir TAĞIYEV