Sentyabrın 13-də hicab taxmadığına görə saxlanıldıqdan sonra koma vəziyyətində xəstəxanaya aparılan və sentyabrın 16-da dünyasını dəyişən Məhsa Əmini ilə bağlı İranda etiraz aksiyaları davam edir.
Ölkədə indiyə kimi görünməmiş səviyyədə etirazlar və üsyanlara İran polisinin sərt müdaxiləsi də diqqətdə yayınmır. Yüzlərlə insan polisin zorakılığı və ya güllələri nəticəsində həlak olub, minlərlə insan isə həbs edilib.
İran qanunvericiləri son günlər həbs olunan etirazçılara qarşı cəzaların sərtləşdirilməsinə çağırıblar. CNN bildirib ki, İran parlamentinin 227 deputatının imzaladığı məktubda etirazçılara “ən qısa zamanda yaxşı dərs olacaq” şəkildə sərt cəza verilməsini tələb edilib.
“Newsweek” isə yazr ki, İran parlamenti bütün saxlanılan etirazçılara edam cəzasının verilməsinə səs verib. Parlamentin 290 üzvdən 227-si edam cəzasını dəsəkləyib.
Edamların nə vaxt həyata keçiriləcəyi hələlik bəlli deyil. CNN ötən cümə axşamı keçirilən son etirazlarla bağlı 14 minə yaxın insanın həbs edildiyini açıqlamışdı. “Carnegie Endowment” üzvü Karim Sadjadpour bildirib ki, saxlananların sayı 15 minə çatıb.
"Son 8 həftədə İran rejimi 300-dən çox etirazçını qətlə yetirib, 15 minə yaxın insanı həbs edib və yüzlərlə insanı edam etməklə hədələyib, lakin İranın qadınları israr edirlər. Universitet tələbələri qadınlar hicablarını çıxarırlar" - Sadjadpur bildirib.
Tahir TAĞIYEV