ABŞ-ın aparıcı qəzetlərindən olan “Wall Street Journal” tezliklə yeni müharibənin başlaya biləcəyi yazıb. Xəbərdə İranın yaxın zamanlarda Səudiyyə Ərəbistanı və İraqa hücum edəcəyi, ABŞ-ın da Səudiyyəyə yardım üçün hərəkətə keçdiyi bildirilir.
Qəzetə danışan ABŞ və Səudiyyə rəsmiləri İranın diqqəti ölkə daxilindəki etirazlardan yayındırmaq üçün yaxın vaxtlarda Səudiyyə Ərəbistanı və İraqın Ərbil şəhərindəki bəzi hədəflərə hücum edə biləcəyini açıqlayıb.
Səudiyyə Ərəbistanının bu kəşfiyyatı ABŞ rəsmiləri ilə paylaşdığına diqqət çəkən qəzet, sözügedən iki ölkə və bəzi digər ölkələrin ordularının hazır vəziyyətə gətirdiyini bildirir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının bir rəsmisi də bu xəbərlərdən narahat olduqlarını deyib.
"Biz hərbi və kəşfiyyat kanalları vasitəsilə Səudiyyə Ərəbistanı ilə daim əlaqə saxlayırıq. Biz öz maraqlarımızı və regiondakı tərəfdaşlarımızı müdafiə etmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik", - o deyib.
Tahir TAĞIYEV