Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Avropa İttifaqını həm hərbi, həm də iqtisadi cəhətdən zəiflətməyi hədəflədiyini iddia edib.
Lavrov bəyan edib ki, avropalılar Rusiya əleyhinə sanksiyalardan ABŞ-dan qat-qat çox əziyyət çəkirlər.
Rusiyalı nazir qeyd edib ki, təkcə öz ölkəsində deyil, Qərbdə də iqtisadçılar ABŞ-ın Avropanı sənayesizləşdirmək istədiyi qənaətinə gəliblər.
"Avropanı hərbi cəhətdən zəiflətmək də Vaşinqtonun marağındadır. Onu daim təzyiq altında saxlamaq, Ukraynaya silah göndərməyə məcbur etmək və öz növbəsində Aİ ölkələrinin silah anbarlarını Amerika təchizatı ilə doldurmaq Vaşinqtonun marağındadır", - Lavrov deyib.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov deyib ki, ABŞ Avropa ölkələrinə qaz satmaqla “dəli pul qazanır”.
Tahir TAĞIYEV