Rusiya Müdafiə Nazirliyi Ukraynadan taxıl ixracını nəzərdə tutan sazişi dayandırdığını bildirib.
Nazirlikdən bildirilib ki, Böyük Britaniya mütəxəssisləri tərəfindən istiqamətləndirilən Ukrayna ordusu Qara dəniz donanmasının gəmilərinə və taxıl dəhlizinin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı terror aktı həyata keçirib.
“Rusiya tərəfi terror aktını nəzərə alaraq, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının çıxarılmasına dair sazişlərin həyata keçirilməsində iştirakını qeyri-müəyyən müddətə dayandırıb”, - açıqlamada deyilir.
Rusiya Müdafiə Nazirliyi dünən Ukraynanın ilhaq etdiyi Krımdakı Sevastopol şəhərindəki Rusiyanın hərbi gəmilərinə və mülki gəmilərinə hücum etdiyini bildirib.
Açıqlamada hücumda çoxlu sayda pilotsuz uçuş aparatının istifadə edildiyi və hamısının da məhv edildiyi, hücuma məruz qalan Qara dəniz Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin taxıl müqaviləsi çərçivəsində yaradılan dəhlizin təhlükəsizliyinin təmin edilməsi prosesində yer aldığı bildirilib.
Birləşmiş Millətlər Təşkilatından (BMT) isə məsələ ilə bağlı Rusiya hakimiyyəti ilə danışıqlar aparıldığı bildirilib.
Qeyd edək ki, iyulun 23-də Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ukrayna taxılının limanlardan daşınmasına dair müqavilə imzalanıb.
Tahir TAĞIYEV