Qazaxıstanda oktyabrın 24 və 25-də mitinqlərə çıxmaq üçün sosial şəbəkələrdə yerləşdirilmiş çağırışlar qanunsuzdur, çünki bu aksiyalar dövlət qurumları ilə razılaşdırılmayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokurorunun müavini Jandos Umirəliyevin müraciətində deyilir.
"Sosial şəbəkələrdə oktyabrın 24 və 25-də mərkəzi meydanlarda yerli icra orqanlarının razılaşdırdığı mitinqlərdə iştirak etmək üçün yalan mesajlar, təxribat xarakterli çağırışlar verilir. Bu məlumatlar həqiqətə uyğun deyil. Həmin yerlərdə mitinqlərin keçirilməsinə razılıq verilməyib”, - müraciətdə bildirilir.
Baş Prokurorluq onu da qeyd edib ki, bu cür hərəkətlərin təşkili və onlarda iştirak qanunsuzdur, eləcə də İnzibati Xətalar Məcəlləsinin 488-ci maddəsi ilə 25 sutkayadək həbsə səbəb olur.
Bu arada, Qırğızıstandan da narahat xəbərlər gəlir. Belə ki, Qırğızıstan Daxili İşlər Nazirliyi kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinən ondan çox keçmiş yüksək vəzifəli dövlət qulluqçularını saxlayıb.
TASS verir ki, saxlanılan şəxslərlə bağlı Qırğızıstan Cinayət Məcəlləsinin “Kütləvi iğtişaşlar təşkil etməyə hazırlıq” maddəsi ilə cinayət işi başlanıb.
Xüsusi istintaq hərəkətləri zamanı başlanmış cinayət işi çərçivəsində saxlanılan şəxslərin qanunsuz olaraq hakimiyyəti ələ keçirməklə kütləvi iğtişaşların təşkilində və hazırlanmasında iştirak etmələri barədə sübutlar əldə edilib.
Şübhəlilərin həbsi məsələsinə aparılan məhkəmələrdə qərar veriləcək.