İranda sentyabrın 13-də qaydalara uyğun olaraq hicab taxmadığı üçün əxlaq polisi tərəfindən saxlanarkən komaya düşən, sonradan xəstəxanaya aparılan 22 yaşlı Mahsa Əmininin ölümündən sonra etirazlar davam edir.
Qadınların məcburi hicablarını çıxarıb saçlarını kəsməyə başlaması ilə alovlanan etirazlar universitet və orta məktəblərə də sirayət edib. Polis zorakılığı nəticəsində indiyədək onlarla insan həlak olub. Son olaraq lisey yeniyetməsi polisin tətbiq etdiyi zorakılıqla öldürülüb.
İran Müəllimlər Birliklərinin Koordinasiya Şurasının bəyanatına görə, Ərdəbil şəhər polisi orta məktəbə basqın zamanı tələbələrdən dini lider Xamneyini mədh edən himni oxumalarını istəyib. Himni oxumayan tələbələr isə polis tərəfindən döyülüb.
Polisin zorakılığına məruz qalan tələbələrdən 16 yaşlı Əsra Pənahi döyülərək daxili qanaxmadan dünyasını dəyişib. Rejim rəsmiləri isə onun ölüm səbəbinin Mahsa Amanidə olduğu kimi “ürək xəstəliyi” olduğunu iddia ediblər.
İranda başlayan Mahsa Əmini etirazlarından sonra polis tez-tez təhsil ocaqlarına basqın etməyə başlayıb.
Tahir TAĞIYEV