Rusiyanın Kiyevə ard-arda dron hücumlarından sonra iki ölkə haqqında müxtəlif iddialar irəli sürüldü. Hücumda Rusiyanın İrana məxsus kamikadze İHA-lardan istifadə etdiyi bildirilsə də, Kreml bu iddiaları təkzib edib.
Hücumlara qarşı “Bayraktar” istifadə edərək Rusiya ordusuna çətinliklər yaradan Ukraynanın yeni pilotsuz uçuş aparatı yaratmağı planlaşdırdığı iddia edilir.
Ukrayna Dövlət Müdafiə Sənayesi Şirkəti “Ukroboronprom”un 1000 kilometr mənzilli pilotsuz uçuş aparatları istehsal etmək planları barədə açıqlaması Rusiya mətbuatında da geniş müzakirələrə səbəb olub.
“Moskovski Komsomolets” qəzetinə danışan rusiyalı hərbi ekspert Aleksey Leonkov Kiyevlə Moskva arasındakı məsafənin 700 kilometr olduğuna diqqət çəkərək, bu pilotsuz təyyarələrin Moskva üçün ciddi təhdid olduğunu deyib.
Bu cür PUA-ların Moskvaya uça və “çirkli nüvə bombaları” ata biləcəyini də ifadə edən ekspert daha sonra bildirib: “SSRİ-nin dağılmasından sonra Kiyevdə bir neçə yaxşı təyyarə hazırlamağı bacaran Antonov Konstruktor Bürosu hələ ölməyib. Bunlar An-140, An-148 və An-178-dir. "Motor Sich şirkəti var ki, qanadlı raketlər və pilotsuz uçuş aparatları da daxil olmaqla, geniş çeşiddə təyyarə mühərrikləri istehsal edir".
Leonkov ABŞ-ın bu İHA-ların hədəfə getmək üçün kəşfiyyat dəstəyi verə biləcəyinə də diqqət çəkib.
Tahir TAĞIYEV