Ukrayna Rusiyanın ilhaq siyasətinə qarşı addımlar atmaqdadır. Baki-xeber.com “RBK Ukrayna” ya istinadən bildirir ki, Ukrayna Ali Radası Çeçenistan İçkeriya Respublikasını Rusiya tərəfindən işğal edilmiş ərazi kimi tanıyıb. Bu barədə Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.
Qətnamədə çeçen xalqına qarşı soyqırım törədilməsi pislənir və “BMT Nizamnaməsinə zidd olaraq silahlı təcavüz nəticəsində Rusiyanın müvəqqəti işğal olunmuş ərazisi” sayılan Çeçenistan İçkeriya Respublikasının suverenliyi tanınır.
Qeyd edək ki, İçkeriya SSRİ-nin dağılmasından sonra yaranıb və özünü dövlət elan edib. İçkeriya prezidentləri Coxar Dudayev, Aslan Masxadov və Doku Umarov idi - hamısı öldürüldü. Respublika 2000-ci ildə zorla Rusiyaya birləşdirildikdən sonra ləğv edildi.
Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Qafqaz, Sibir və Rusiyanın digər yerli xalqlarına Rusiya Federasiyasında qismən səfərbərliyə qarşı mübarizəyə çağırışla müraciət etmişdi.
Ceyhun MİRZƏLİ