Rusiyanın Ukraynada başlatdığı müharibə yeni mərhələyə daxil olur. İran kamikadze PUA-larından sonra Rusiya ordusuna yer-yer tipli raketlər verməyə hazırlaşır.
Amerika kəşfiyyatı daha əvvəl iddia etmişdi ki, Tehran Moskvanı kamikadze dronlarla təmin edib. Lakin bu iddialar həm Rusiya, həm də İran tərəfindən rədd edildi.
Ancaq Ukrayna Rusiyanın müharibədə İran dronlarından istifadə etdiyinə dair görüntülər paylaşmaqla bunu təsdiqlədi. Avqust ayında ortaya çıxan ilk kəşfiyyat məlumatlarında İranın Rusiyaya Mohajer-6 və Shahed seriyalı PUA-ları göndərdiyi bildirilirdi.
Yeni iddialara görə, isə İran Rusiyaya təkcə pilotsuz təyyarələr deyil, həm də ballistik raketlər göndərməyə razılaşıb. “Washington Post”a danışan rəsmilər bildiriblər ki, Tehran administrasiyası sentyabrın 18-də Moskvada Rusiya rəsmiləri ilə görüşüb və yeni yüklərin tədarükü məsələsini müzakirə edib.
Buna uyğun olaraq İran Rusiyaya 300/700 kilometr mənzilli “Fateh-110” və “Zülfikar” raketlərini göndərməyə hazırlaşır. Əgər daşınma baş tutsa, bu, müharibə başlayandan bəri Rusiyaya bu cür raketlərin ilk çatdırılması olacaq.
Qeyd edək ki, Krımı Rusiya ərazisi ilə birləşdirən Kerç körpüsündə baş verən partlayışlardan sonra Moskva paytaxt Kiyev də daxil olmaqla Ukraynanın şəhər mərkəzlərinə raket zərbələri endirib. Kiyev administrasiyası qeyd edib ki, şəhər mərkəzlərinə hücumlarda təkcə raketlərdən deyil, kamikadze PUA-lardan da istifadə olunub. Bu PUA-ların da İrandan gətirildiyi iddia edilib.
Tahir TAĞIYEV