Almaniyanın səhiyyə naziri Karl Lauterbax ölkədəki xəstəxanaların enerji və inflyasiya böhranı səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşdiyini bildirib.
Nazir yaxın aylarda xəstəxanaların maliyyə problemlərinin olacağını deyib.
O oktyabrın 18-də maliyyə naziri Kristian Lindnerlə xəstəxanalara daha çox dövlət yardımı edilməsi ilə bağlı görüşəcəyini ifadə edib.
Karl Lauterbax xəstəxanalara özəl vəsait ayrılmasına müsbət yanaşmadığını ifadə edərək, "Hər sahə üçün özəl fond yarada bilmərik" deyib.
Alman Xəstəxanalar Birliyi tərəfindən sentyabrın ortalarında açıqlanan araşdırmada, enerji qiymətlərinin həddindən artıq artması və yüksək inflyasiya səbəbindən xəstəxanaların 40 faizinin bağlanmaq təhlükəsi ilə üzləşdiyi bildirilib.
Birliyin prezidenti Gerald Gass da klinikaların artan xərcləri ödəyə bilməyəcəyini və bəzilərinin yaxın aylarda bağlana biləcəyini bildirib və vəziyyətin gələn il daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.
Tahir TAĞIYEV