Ukrayna müharibəsində istədiyinə nail ola bilməyən Rusiya prezidenti Vladimir Putin dörd istiqamətli müharibə planını yenidən işə salıb. Belarusun paytaxtı Minskdən gələn xəbərlər müharibədə şimaldan yeni cəbhənin açılmaq üzrə olduğunu göstərir.
Ukraynanın Belarusdakı səfiri İqor Kizima Xarici İşlər Nazirliyinə çağırılıb və ona "Ukrayna Belarusa hücum etməyə hazırlaşır. Bu cəhdlərə ən sərt cavab veriləcək" notası verilib.
Səfir Kizima əlindəki Belarus notasını ölkəsinə çatdırandan az sonra Kiyevdən əks bəyanat gəlib. Bəyanatda Belarus prezidenti Aleksandr Lukaşenkonun Putin tərəfindən Ukraynaya şimaldan hücum etməyə razı salındığı bildirilib. "Ukrayna, qonşumuz Belarusa hücum edəcəyini qəti şəkildə inkar edir. Minskdəki səfirimizə verilən notanı Rusiya lideri Putinin bu ölkəni bizə qarşı müharibəyə cəlb etmək planının parçası kimi dəyərləndiririk. Biz Belarus administrasiyasını Moskvanın əmrlərinə tabe olmamağa dəvət edirik”, - bəyanatda deyilir.
Rusiyadan fərqli olaraq “səssiz səfərbərlik” apardığı ortaya çıxan Lukaşenkonun Belarusda 500 min əsgəri silah altına aldığı açıqlanıb. Belarus lideri müharibənin başladığı 24 fevraldan Rusiya qüvvələrinə hava və quru yollarından istifadə etməyə icazə vermişdi.
Tahir TAĞIYEV