BMT-nin İnsan Hüquqları Şurası Çində uyğurların və digər türk-müsəlman topluluqlarının vəziyyətini müzakirə etməkdən imtina edib. Baki-xeber.com “Aljazeera”-a istinadən bildirir ki, şura Çinin uyğurlara münasibətinin insanlığa qarşı cinayət hesab edilməsinə baxmayaraq, bu müzakirəyə veto qoyub. Çin bu addımı özünün qələbəsi kimi qələmə verib. Müzakirələrin əleyhinə çıxan dövlətlərin içində BƏƏ, Somali, Pakistan, İndoneziya kimi müsəlman ölkələri var. Hindistan, Ukrayna və Malayziya isə bitərəf qalmağa üstünlük verib. Çin Xarici İşlər Nazirliyi sözçüsü Hua Chunyinq baş verənlərə belə münasibət bildirib: “Bu inkişaf etməkdə olan ölkələrin qələbəsidi. İnsan hüquqlarından başqa ölkələrə müdaxilə və qara yaxmaq kimi istifadə olunmamalıdı”.
BMT-nin uyğurlar və digər müsəlmanların durumu ilə bağlı hesabatı 2018-ci ildə dərc olunmuşdu. Hesabatda bir milyondan çox uyğurun və digər xalqların vahid sistemdən keçməyə məcbur qaldığı qeyd olunmuşdu. Çinin onları xüsusi düşərgələrdə saxlaması diskriminasiya kimi qiymətləndirilmişdi.
Ceyhun MİRZƏLİ