Çeçenistan lideri Ramazan Kadırov Rusiya ordusunda yüksəlişini davam etdirir. Regional mənbələr Putinin Kadırovu müdafiə naziri təyin biləcəyi ilə bağlı iddialar səsləndirməyə başlayıblar.
Qeyd edək ki, Ramazan Kadırov dünən Rusiya lideri Vladimir Putinin ad günü ilə əlaqədar ona zəng etdiyini bildirib. Kadırov Putinin ona “general-polkovnik” rütbəsi verdiyini deyib.
“General-polkovnik” rütbəsi Rusiya ordu sistemində rütbədir. Bu rütbə üç ulduzlu generallara verilən addır və NATO sistemində “general-leytenant” rütbəsinə uyğundur. Ancaq Rusiyada “general-leytenant” rütbəsinin iki ulduzu var, general-leytenantlar “general-polkovnik” rütbəsindən aşağıdır. “General-polkovnik” rütbəsindən üstün cəmi iki rütbə var. Ən yüksək rütbə "marşal", ikincisi isə "ordu generalı"dır. Bu rütbə general rütbəsinə uyğundur.
Kadırov 2020-ci ilin iyulunda general-mayor, 2022-ci ilin martında isə general-leytenant rütbəsi alıb.
46 yaşlı Kadırovun belə yüksək rütbə ilə təltif edilməsi müxtəlif söz-söhbətlərə səbəb olub.
Xüsusilə Ukrayna müharibəsində Kadırovun komandanlığı altında olan çeçenlərin rolu onun populyarlığını artırmışdı. Müharibənin qatı tərəfdarı olan Kadırov Rusiya bürokratiyasının bir çox fiqurunu da tənqid etmişdi.
Qeyd edək ki, Rusiya lideri Putin Ukraynadakı itkilərdən sonra bir çox yüksək rütbəli generalları və şəxsi heyəti günahlandıraraq onları işdən çıxarıb. Bütün bunların fonunda onun sadiq adamlarından olan Kadırovu yüksəldəcəyi və Kadırovun təhlükəsizlik orqanlarında sürətlə yüksələcəyi bildirilir.
Mənbələr Kadırovun yüksəlişinin davam edəcəyini bildirir, eyni zamanda Putinin onu müdafiə naziri təyin edə biləcəyi iddiaları da dilə gətirilir. Bəzi rusiyalı ekspertlərin fikrincə, Kadırov Rusiya dövlətinin təhlükəsizlik qanadına nəzarəti ələ keçirməyə çalışır.
Bunun üçün hələ çox tez olduğu düşünülsə də, xüsusilə Ukrayna müharibəsindəki rolu və Kremldəki bəzi məmurları hədəf alan iddialarından sonra Kadırovun son məqsədinin məhz bu olduğu iddia edilir. Qeyd edilir ki, Kadırov Çeçenistandakı təsir dairəsini genişləndirmək və bütün Rusiya dövləti üçün səlahiyyətli fiqur olmaq istəyir.
Tahir TAĞIYEV