ABŞ kəşfiyyatı Ukrayna hökumətinin Vladimir Putinə yaxın olan Aleksandr Duqinin qızı Daria Duqinanın ölümü ilə nəticələnən bomba yüklü avtomobil hücumuna icazə verdiyini açıqlayıb.
Rəsmilər ABŞ-ın kəşfiyyat məlumatı və ya digər hər hansı yardımlarla hücumda iştirak etmədiyini bildirib.
“New York Times” qəzeti yazır ki, Amerika rəsmiləri də əməliyyatdan əvvəlcədən xəbərdar olmadıqlarını və onlarla məsləhətləşsəydilər, sui-qəsdə qarşı çıxacaqlarını bildiriblər. Daha sonra Amerika rəsmiləri sui-qəsdlə bağlı Ukrayna hakimiyyətinə xəbərdarlıq etdiklərini bildiriblər. Hücumdan sonra ABŞ rəsmiləri “Bu, çox pis oldu” deyiblər.
"Tanınmış şəxslərə sui-qəsdin döyüş meydanına heç bir təsiri yoxdur. Lakin Rusiya buna Ukrayna rəsmilərinin sui-qəsdlərlə cavab verə bilər. ABŞ rəsmiləri Ukraynanın Rusiya torpaqlarında həyata keçirdiyi gizli əməliyyatlar barədə şəffaf olmadığına görə qəzəblənirlər", - qəzet yazır.
Qeyd edək ki, Ukrayna hücumdan dərhal sonra qətldə hər hansı əli olduğunu inkar edib. Rusiya tərəfi isə sui-qəsdin Ukrayna kəşfiyyatı tərəfindən həyata keçirildiyini bəyan edib.
Beləliklə, ABŞ kəşfiyyatı da Rusiyanın dediklərini təsdiqləyib.
Tahir TAĞIYEV