Şimali Koreya Tokio və Vaşinqtonun diqqətini cəlb etmək üçün Yaponiya üzərindən şübhəli raket atıb. Baki-xeber.com “BBC News”-a istinadən bildirir ki, raket ABŞ-ın Quam adasını vuracaq qədər uzağa gedib. Bu, Pxenyanın 2017-ci ildən bəri Yaponiyaya buraxdığı ilk raketdir. Yaponiyanın şimalından uçan raketlərlə bağlı əhaliyə xəbərdarlıq edilib. İnsanlara yerin altına evakuasiya etmək çağırışı edilib. Daha sonra rəsmilər raketin Sakit okeana düşərək heç kəsin xəsarət almadığını bildiriblər.
BMT Şimali Koreyaya ballistik və nüvə silahlarını sınaqdan keçirməyi qadağan edib. Pxenyanın bu addımı beynəlxalq normalara zidd hesab olunur. Qeyd edək ki, bu günlərdə Şimali Koreyaya xəbərdarlıq edilən üçlü təlim keçirilmişdi. Görünür, Pxenyan yenə də, Vaşinqton başda olmaqla, həm Yaponiyaya, həm də Cənubi Koreyaya əzələ nümayiş etdirir.
Ceyhun MİRZƏLİ