Türkiyə ilə münasibətləri soyuq olan Yunanıstan və Misir Ankaranın enerji məsələlərindəki aktivliyindən narahat olub. Baki-xeber.com “The National”a istinadən bildirir ki,Türkiyə Liviya ilə dəniz enerjisi layihəsində müqaviləyə imza atıb. Yunanıstan və Misir tərəfi isə aralarındakı 2020-ci il müqaviləsini əsas gətirərək yeni bağlanan sazişi rədd ediblər. Bu müqavilə Aralıq dənizində tərəflərin müstəqil iqtisadi zona yaratmasına kömək edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə fikirlərini bölüşüb: “İndicə imzalanmış karbohidrogen sazişi Türkiyə və Liviya şirkətləri arasında quruda və dənizdə qarşılıqlı mənfəət konsepsiyasına uyğun olaraq kəşfiyyat sahəsində əməkdaşlıq qurmaq məqsədi daşıyır”. Qeyd edək ki, M.Çavuşoğlunu Tripolidə yüksək səviyyəli nümayəndə heyəti müşayiət edib. Elan edilən eksklüziv iqtisadi zona həm şərqi Aralıq dənizi ölkələrinin, həm də digər xarici güclərin qısqanclığına səbəb olub. M.Çavuşoğlunun səfərindən dərhal sonra Misirin xarici işlər naziri yunan həmkarına zəng vuraraq Liviyadakı vəziyyəti müzakirə edib.
Ceyhun MİRZƏLİ