Bir müddətdir ki açıqlama verməyən İranın ali-dini lideri Əli Xamnei ölkəsində baş verən etirazlardan danışıb. Baki-xeber.com “The National”-a istinadən bildirir ki, Xamnei baş verən etirazların arxasında Birləşmiş Ştatlar və İsrailin dayandığını bəyan edib. O, hərbi məzunların buraxılış mərasimindəki çıxışında deyib: “Mən açıq deyirəm, bu iğtişaşları Amerika və sionist rejim təşkil edib”. Təbii ki, ali-dini liderin bu ittihamı ənənəvidir. İrandakı etirazlar zamanı rəsmilər əsasən belə açıqlamalar verirlər. Ə.Xamenei Məhsa Əmininin ölümünə görə narahat olduğunu bildirsə də, bunu bəhanə kimi istifadə edib küçələrə çıxmağı qətiyyətlə pisləyib. O, etirazçıları Quran kitablarını, məscidləri yandırmaqda ittiham edib. Ə.Xameneinin bu çıxışı Tehran tələbələrinin ümumi tətilə çıxması fonunda baş verir. Ümumən İranda baş verən etirazların nə ilə nəticələnəcəyi bəlli deyil.
Ceyhun MİRZƏLİ