Dünən əvvəlcə Danimarka “Şimal axını 2” xəttində, sonra isə İsveç “Şimal axını 1” xəttində sızma olduğunu açıqladı. İsveç Seysmik Tədqiqatlar İnstitutu bildirib ki, boru kəmərlərində sızma aşkar edilməzdən bir qədər əvvəl iki sualtı partlayış qeydə alınıb.
İnstitutun tədqiqatçılarından Peter Şmidt, birinci partlayışın 1,9 bal gücündə, ikincinin isə 2,3 bal gücündə "enerji dağılmasına" səbəb olduğunu bildirib. Hər iki xətdə qaz nəqlinin dayandığı və böyük təhlükənin olmadığı bildirilir.
“Şimal axını 1 və 2” boru kəmərlərində aşkarlanan müəmmalı sızmadan sonra Baltik dənizi ölkələri təşvişə düşüb. Danimarka və İsveçin ardıcıl xəbərdarlıqlarından sonra “Reuters” Rusiya sualtı qayığının boru kəmərlərini vurduğunu iddia edib. Kreml isə son dəqiqə bəyanatında təxribat ehtimalını dilə gətirib.
Kremlin sözçüsü Dmitri Peskov, "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində sızmanın təxribat nəticəsində ola biləcəyini ifadə edib: "Hər hansı bir ehtimalı gözardı edə bilmərik. Bu, təcili araşdırma tələb edən görünməmiş bir vəziyyətdir. Biz son dərəcə narahatıq”.
Danimarkanın baş naziri Mette Frederiksen də təxribat ehtimalını istisna etmədiklərini deyib: “Bu, fövqəladə bir vəziyyətdir və üç sızma var. Buna görə də bunun təsadüfən baş verə biləcəyini təsəvvür etmək çətindir”.
M.Frederiksen sızmaların təsadüfi olmadığını və düşünülmüş hərəkətlərdən qaynaqlandığını iddia edib: "Bunlar qəsdən törədilib. Bu, təsadüfi deyil. Bunun arxasında kimin ola biləcəyi ilə bağlı hələ heç bir məlumat yoxdur".
Almaniya, Danimarka və Polşa rəsmiləri isə partlayışların arxasında Rusiyanın ola biləcəyinə inanırlar.
Tahir TAĞIYEV