İranda hicab qaydalarına əməl etmədiyi üçün əxlaq polisi tərəfindən saxlanan Mahsa Əmininin ölümündən sonra başlayan etirazlar müxtəlif şəhərlərə yayılmaqda davam edir.
Bir çox şəhərdə başlayan nümayişlərdə polislə etirazçılar arasında qarşıdurmalar baş verib. Sosial mediada paylaşılan görüntülərdə təhlükəsizlik qüvvələrinin nümayişçilərə müdaxilə etdiyi, polisin gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. Ölkənin qərbində davam edən nümayişlərdə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən qarşıdurmada 5 nəfərin həyatını itirdiyi bildirlir.
Paytaxt Tehranda da universitet tələbələri məcburi hicab və əxlaqi polislik təcrübəsinə etiraz ediblər. Mahsa Əmininin ölümünə etiraz edən universitet tələbələri hakimiyyət əleyhinə şüarlar səsləndiriblər. Təhlükəsizlik qüvvələri universitetin qarşısında rejim əleyhinə şüarlar səsləndirən nümayişlərə müdaxilə edib və qarşıdurma yaranıb.
Sosial şəbəkələrdə İran polisinin etirazçılara atəş açmağa başladığına dair görüntülər də yayılıb. Sosial mediada yayımlanan görüntülərdə bəzi nümayişçilər təhlükəsizlik qüvvələrinin müdaxilə zamanı plastik və ya həqiqi güllələrdən istifadə etdiyini iddia ediblər.
Tehran administrasiyası əleyhinə “Diktatora ölüm”, “Bacımı öldürəni öldürəcəm” kimi şüarlar səsləndirən nümayişçilər küçələri tərk etməyəcəklərini bildiriblər.
Tahir TAĞIYEV