Boris Consonun baş nazirliyi zamanında İngiltərənin Çinə yönəlik yumşaq siyasəti tənqid olunurdu. Baki-xeber.com “Euronews”-a istinadən bildirir ki yeni baş nazir L.Truss isə Çinə qarşı daha sərt siyasətin aparılmasına tərəfdar şəxs kimi çıxış edir. Son on ildə Pekin İngiltərə iqtisadiyyatında əhəmiyyətli rol oynamağa başlayıb. Brexitdən sonra Çinin iddiaları İngiltərə üçün təhlükəli olmağa başlayıb. Liz Truss Çinin İkinci Dünya müharibəsindən sonra ticari, diplomatik fəaliyyətini yeni dünya nizamına təhlükə kimi görür. Qadın baş nazir bu ilin əvvəlindəki çıxışında: “Ölkələr qaydalara uyğun şəkildə oynamalıdırlar. Çin də bura daxildir. Çin qlobal qaydalarla oynamasa, fövqəldövlət kimi yüksəlişini qısaldacaq. O, Qərbin Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə aldığı zərbələrdən dərs almalıdır” . L.Truss baş nazir olmazdan əvvəl Çinlə sərt siyasət aparılmasının siqnalını vermişdi. Təsadüfi deyil ki, L.Trussu ilk təbrik edənlərdən biri Tayvanın prezidenti Tsai İnq –Ven oldu. Çinin rəsmi qəzeti “Global times” isə L.Trussu “radikal populist” adlandıraraq onun “köhnəlmiş imperiya zehniyyətindən əl çəkməli olduğunu” yazıb. Yeni baş nazirin əsas hədəflərindən biri də Çinin Britaniya şirkətlərini satın almasını azaltmaqdır.
Ceyhun MİRZƏLİ