Almaniyanın Sosial Demokrat Partiyasının (SPD) keçmiş lideri, 78 yaşlı siyasətçi və fizik Oskar Lafontaine Almaniyanın xarici siyasətini sərt tənqid edib.
Qeyd edək ki, fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra ABŞ, Böyük Britaniya, Kanada və Avropa Birliyi ölkələri Rusiyaya qarşı bir sıra sanksiyalar və iqtisadi embarqolar tətbiq ediblər.
Sanksiya və embarqo siyasətini Qərb dövlətləri adından ABŞ müəyyən edib. Oskar Lafontaine “Berliner Zeitung” qəzetinə müsahibəsində qədim yunan şairi Eşilosun “Müharibədə ilk olaraq həqiqət ölür” kəlamından sitat gətirərək böhranın 2014-cü ildə Ukraynada ABŞ-ın dəstəklədiyi çevriliş nəticəsində hakimiyyət dəyişikliyi ilə başladığını bildirib. “Birləşmiş Ştatlar, Ukraynadakı Maydan çevrilişi ilə Rusiyanın təhlükəsizlik məsələlərinə məhəl qoymadığını göstərdi" – Lafontaine deyib.
ABŞ prezidenti Cimmi Karterin təhlükəsizlik üzrə müşaviri olmuş və daha sonra ABŞ-ın xarici siyasətini istiqamətləndirən strategiyaların hazırlanması ilə bağlı müşaviri olmuş Zbiqnev Bjezinski 1997-ci ildə yazdığı “Bir Dünya Gücü” adlı kitabında Ukraynanı hədəfə alıb.
Zbiqnev Bjezinski Ukraynanın “ABŞ-ın marionetkasına çevrilməli” olduğunu yazıb və ABŞ-ın bu yolla Avrasiya regionunda təsir sahibi olmalı olduğunu bildirib.
Lafontaine isə Almaniyanın ABŞ-ın xarici siyasətini "kor-koranə" izlədiyini və Almaniyanın müstəqil ölkə olmadığını söyləyib: "Almaniya müstəqil və suveren ölkə deyil. Ukrayna müharibəsində ABŞ-ın kuklası rolunda çıxış edir. ABŞ-ın tələbi ilə "Şimal axını 2" dayandırıldı. ABŞ-ın işğalçı döyüş maşını ən mühüm həlqələrindən biri olan NATO-nun Rammstein Hava Bazası da Almaniyada yerləşir. Biz qətiyyən müstəqil dövlət deyilik. Bu xarici siyasət ölkəmizə ziyan vurur”.
Tahir TAĞIYEV