Rusiya Avropaya ən çox qaz göndərən kəmərlə qaz nəqlini tam dayandırıb. Rusiya nəhəngi “Qazprom” avqustun 31-də təmirə götürülən və sabah yenidən işə salınması gözlənilən “Şimal axını 1” boru kəmərində aşkarlanan nasazlıq səbəbindən qaz nəqlinin qeyri-müəyyən müddətə dayandırıldığını açıqlayıb.
Xəttdən qazın nəqlinin nasazlıqlar aradan qaldırılmadan mümkün olmayacağına diqqət çəkən açıqlamada, bu səbəbdən “Şimal axını” ilə təbii qaz nəqlinin qeyri-müəyyən müddətə dayandırılmasına qərar verildiyi qeyd edilib.
“Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller, sızma səbəbindən turbinlərə texniki qulluğun yalnız Kanadadakı zavodda mümkün olduğunu deyib: "Bu gün Siemens-in qaz kompressor aqreqatlarına qulluq etmək imkanı demək olar ki, yoxdur. Bu problemi ancaq Kanadadakı zavodda həll etmək olar".
Digər tərəfdən, "Qazprom" tərəfindən verilən ayrıca açıqlamada Avropaya qaz axınının tamamilə dayandırıldığı və qaz axınının yalnız texniki xidmət və təmir işlərindən sonra reallaşa biləcəyi bildirilib. “Qazprom” bu müddətin nə vaxt başa çatacağı ilə bağlı tarix açıqlamayıb.
“Şimal axını” Rusiya qazını Avropaya daşıyan mühüm xətlərdən biri kimi tanınır.
Ukraynada müharibə başlayandan sonra Yamal-Avropa xətti ilə qaz nəqli tamamilə dayandırılıb, Ukrayna üzərindən daşıma isə təxminən yarıya qədər azalıb.
Rusiya rəsmiləri təbii qazın Avropaya nəqlində problemlərin sanksiyalardan qaynaqlandığını iddia edir, Avropa rəsmiləri isə Rusiyanın enerji resurslarından silah kimi istifadə etdiyini düşünür.
Tahir TAĞIYEV