Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda Rusiyanın keçmiş prezidenti və Rusiya Təhlükəsizlik Şurasının (SB) sədr müavini Dmitri Medvedyev yenidən tənqidi bəyanatla çıxış edib.
Daha əvvəl müharibənin gedişi ilə bağlı tez-tez açıqlamalar verən Medvedyev bildirib ki, Kiyev administrasiyası NATO-ya üzv olmaqdan imtina etsə belə, Rusiya əməliyyatları dayandırmayacaq.
“Kiyevin NATO-ya üzvlüyünü dayandırması həyati əməmiyyətli bir qərardır. Lakin Kiyev NATO-ya üzvlükdən imtina etsə belə, Rusiya Ukraynada davam edən hərbi əməliyyatlarını dayandırmayacaq”, - o bildirib.
Medvedyev açıqlamasında Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının dayandırılmasına da toxunub. " Rusiya hadisələrin inkişafından asılı olaraq, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə bilər. Biz əvvəllər Zelenski ilə görüşməyə hazır idik”, - deyə Medvedyev bildirib.
Medvedyev, ABŞ-ın Ukraynaya göndərdiyi HIMARS reaktiv yaylım atəşi sistemlərinin müharibədə ciddi təhlükə yaratmadığını deyib. Lakin o, ABŞ-ın göndərdiyi silahların daha uzaq məsafələrdəki hədəfləri vura bildiyi təqdirdə vəziyyətin dəyişə biləcəyini bildirib.
Tahir TAĞIYEV